Almaniya kubokunda 1/4 finalın startı verilib. Yarışın 20 qat qalibi və rekordçusu “Bayern” Münxen bu mərhələdə “Frayburq”u qəbul edib. Meydan sahibləri 19-cu dəqiqədə hesabı açıblar. Dayo Yupamekano diqqət mərkəzinə düşüb. 8 dəqiqə sonra tarazlıq bərpa olunub. Nikolas Höfler hesabı bərabərləşdirib. Fasiləyədək başqa qol olmayıb. 2-ci yarıda Münxen klubu etimadı doğrulda bilməyib. Son dəqiqədə “Frayburq” futbolçuları qələbə qolunu vuraraq tarixi nəticə göstəriblər. “Bayern”in qapısına təyin edilən penaltini Höfler dəqiq yerinə yetirərək dubl müəllifi olub. Qeyd edək ki, Münxen klubu tarixi ərzində heç vaxt “Frayburq”a uduzmamışdı.
“Ayntraxt” – “Union” oyununda isə meydan sahibləri 2 cavabsız qolla qalib gəliblər. İlk hissədə Frankfurt klubunun ən məhsuldar futbolçusu Randal Kolo Muaninin dublu görüşün taleyini həll edib.